BMU TGT sədri Portuqaliyada Dünya Gənclər Forumunda çıxış edib

29 Dekabr 2024
BMU TGT sədri Portuqaliyada Dünya Gənclər Forumunda çıxış edib

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatı (TGT) Portuqaliyanın Porto şəhərində keçirilən “Dünya Gənclər Forumu 2024”də təmsil olunub.

Forumda TGT-nin sədri Canel Xəlilov “İqlim fəaliyyətində gənclərin liderliyi” mövzusunda çıxış edib.

Qlobal iqlim dəyişikliklərinin yaratdığı problemlərə diqqət çəkən C.Xəlilov Azərbaycanda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu, BMT-nin mötəbər COP29 tədbirinin Bakıda yüksək səviyyədə keçirildiyini nəzərə çatdırıb. Həmçinin, Azərbaycan gənclərinin bu proseslərdə fəal iştirakı barədə məlumat verib. O, eyni zamanda gənclərin səsinin eşidilməsi, iqlim dəyişikliyi ilə bağlı məsələlərə daha böyük töhfə verməsi üçün beynəlxalq forumun önəmini qeyd edib, tədbirdən gözləntiləri vurğulayıb.

Foruma dünyanın müxtəlif ölkələrindən tələbələr, gənc liderlər, hüquqşünaslar və fəallar qatılıb. Bu platforma aktual qlobal problemləri müzakirə etmək, beynəlxalq əməkdaşlıq yaratmaq, habelə dünyanın müxtəlif yerlərində yaşayan gənclər arasında davamlı əlaqələr qurmaq, onların liderlik bacarıqlarını artırmaq və s. məqsədləri daşıyır.

Forum çərçivəsində aparılan müzakirələrdə fəal iştirak edən BMU TGT sədri sertifikata layiq görülüb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər