Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün Texnoparkın fəaliyyətinə dair infosessiyalar keçirilib.
Fakültələr üzrə ayrı-ayrılıqda təşkil olunan tədbirlərdə BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov universitetdə innovasiya mühitinin gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. O, Texnoparkda tələbələrin elmi-tədqiqat və startap fəaliyyətinə göstərilən dəstəyin əhəmiyyətini vurğulayıb.
Təqdimatla çıxış edən BMU Texnoparkının müdiri Vüsal Süleymanlı universitet-sənaye əməkdaşlığının gücləndirilməsi və tələbələrin startap ekosisteminə inteqrasiyası imkanlarından danışıb. Həmçinin BMU Tələbə Elmi Cəmiyyəti (TEC) ilə birgə gerçəkləşdirilən layihələr, tələbələrin təşəbbüslərinin dəstəklənməsi və innovativ mühitin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
İnfosessiyalar zamanı Texnoparkda fəaliyyət göstərən laboratoriyalar, startapların inkubasiya və akselerasiya prosesləri, tələbələr üçün nəzərdə tutulan təcrübə proqramları, iş mühiti, mentorluq dəstəyi və əməkdaşlıq imkanları ətraflı təqdim olunub.
Tədbirdə TEC sədri Aysu Cəbrayılova və cəmiyyətin digər üzvləri çıxış ediblər. Çıxışlarda tələbələrin Texnoparkla əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti, onların praktiki biliklərinin inkişafına yaradacağı imkanlar qeyd olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb və tələbələrin gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi