Bakı Mühəndislik Universitetində (BMU) Kimya Mühəndisləri Cəmiyyətinin təşkilatçılığı ilə tələbələr üçün “Bərpa olunan enerji və ətraf mühit” mövzusunda mütəxəssislə görüş təşkil olunub.
Tədbir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 7-ci (Sərfəli və təmiz enerji) və 13-cü (İqlim dəyişikliyinə qarşı mübarizə) istiqamətlərə uyğun olaraq keçirilib.
Görüşdə “Total Energies” şirkətinin Azərbaycandakı Bərpa olunan enerji biznesinin inkişafı üzrə baş mütəxəssisi Çingiz Orucov qlobal miqyasda alternativ enerjiyə artan təlabatın səbəbləri barədə danışıb. Bərpa olunan enerji texnologiyalarında son illərdə əldə edilən yeniliklər, günəş və külək enerjisinin səmərəliliyinin artması, üzən günəş sistemlərinin tətbiqi və iqtisadi üstünlükləri barədə geniş məlumat verilib. Həmçinin enerji saxlanc sistemləri, elektrik şəbəkəsinə ötürülmə qaydaları və alternativ enerjinin genişlənməsi fonunda elektrik nəqliyyat vasitələrinə artan təlabat vurğulanıb.
Ç.Orucov həm quruda, həm də dənizdə tətbiq edilən külək enerjisi həllərinin, o cümlədən üzən və bərkidilən platformaların artıq geniş istifadə olunduğunu bildirərək “Total Energies” şirkətinin bu istiqamətlərdə aktiv fəaliyyətini qeyd edib.
Görüş zamanı Azərbaycanın külək və günəş enerjisi potensialına, eləcə də işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən layihələrə toxunulub, beynəlxalq və yerli təcrübədən bir sıra nümunələr təqdim olunub, həmçinin aktual statistika və gələcəyə dair proqnozlar da diqqətə çatdırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi