Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkının nəzdində Texnoloji Transfer Mərkəzi (TTM) fəaliyyətə başlayıb.
Mərkəzin yaranmasında məqsəd Texnoparkın işini gücləndirmək, startap şirkətlərinin qurulması üçün daha münbit şəraitin formalaşmasına, kommersiya dəyəri daşıyan ideya və nəticələrin sənayeyə təqdimatına və tətbiqinə nail olmaqdan ibarətdir. Bununla yanaşı, TTM şirkətlərlə iş, akademik heyətin və tələbələrin tətbiq xarakterli layihələrə cəlb edilməsi, ümumilikdə müxtəlif əməkdaşlıq layihələrinin hazırlanması məsələləri ilə məşğul olacaq, ölkənin innovasiya fəaliyyətinin inkişafına, universitet, sənaye və biznes qurumları arasında səmərəli qarşılıqlı əlaqələrin yaradılmasına töhfə verəcək.
Qeyd edək ki, TTM əsasən universitetlərin və texnoparkların tərkibində, eləcə də tədqiqat və inkişaf fəaliyyətlərinə əhəmiyyət verən müəssisələrdə formalaşdırılır. Bilik iqtisadiyyatında TTM-lərin aktuallığı daha da artır, onlar universitetlər, sahibkarlar, investorlar, sənayeçilər və digər maraqlı tərəflərlə əməkdaşlıq quraraq, bilikdən səmərəli istifadəni təmin etməklə əlavə dəyər formalaşdırılmasına zəmin yaradır.
İctimaiyyətlə əlaqələr şöbəsi