Bakı Mühəndislik Universitetinin (BMU) “Kimya mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Məhəmmədəli Ayralovun üzvü olduğu “Ideatech X” komandası Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin stendində öz startap layihəsi ilə iştirak edib.
“AquaHarvest” layihəsi su, eləcə də gübrə israfını minimuma endirmək xüsusiyyətlərini daşıyır. Stendi izləyən qonaqlara, iş adamlarına, xarici turistlərə, yerli və milli şirkətlərin təmsilçilərinə startapın imkanları haqqında geniş məlumat verilib. İqlim dəyişikliyinin fəsadları ilə mübarizəyə töhfə sayılan layihə maraqla qarşılanıb.
Qeyd edək ki, bir sıra yarışlarda uğur qazanan Məhəmmədəli Ayralov TEKNOFEST 2024-ün və Astanada keçirilən “Google hackathon”un finalçısı olub.
İctimaiyyətlə əlaqələr şöbəsi