BMU tələbələrinin Veysəloğlu Şirkətlər Qrupuna infoturu təşkil olunub

20 İyun 2025
BMU tələbələrinin Veysəloğlu Şirkətlər Qrupuna infoturu təşkil olunub

Bakı Mühəndislik Universitetinin (BMU) “Qida mühəndisliyi” ixtisasında təhsil alan bir qrup tələbənin “Qida təhlükəsizliyi ayı” çərçivəsində Veysəloğlu Şirkətlər Qrupuna infoturu təşkil edilib.

BMU-nun Qida və biotexnologiya kafedrasının müəllimi Ərşad Quliyevin rəhbərliyi ilə tələbələr “Xonça” qənnadı fabriki və Şirkətlər Qrupuna məxsus Logistika Mərkəzinin iş prosesi ilə yaxından tanış olublar. İnfotur iştirakçılarına fabrikdə xammalın qəbulu, məhsulun hazırlanmasından qablaşdırmaya qədər olan mərhələlər, təhlükə təhlili və kritik nəzarət nöqtələri (HACCP) sisteminin tətbiqi, həmçinin sanitariya-gigiyena tələblərinə riayət olunması ilə bağlı praktiki nümunələr təqdim edilib. Logistika Mərkəzində isə meyvə-tərəvəzin qəbulu zamanı 40-dan çox spesifikasiyaların tələblərinin yoxlanılması, meyvələrin briks dərəcəsi, kalibrinin təyini, bitki xəstəliklərinin aşkarlanması və digər keyfiyyətə nəzarət prosedurları əyani şəkildə nümayiş olunub.

İnfotur zamanı, habelə soyuq zəncirin qorunması, məhsulların anbarlarda FEFO (First Expired, First Out) və FIFO (First In, First Out) prinsiplərinə əsasən idarə olunması, anbarda tətbiq edilən SAP proqram təminatı, bu proqram vasitəsilə anbar əməliyyatlarının avtomatlaşdırılmasının üstünlükləri haqqında geniş məlumat verilib, həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər