Bakı Mühəndislik Universiteti (BMU) Mühəndislik fakültəsinin tələbələrinin “SOCAR Downstream Management” MMC-nin əməkdaşları ilə görüşü keçirilib.
Gələcək mühəndislərin şirkətlə bağlı məlumatlandırılmasını təmin etmək məqsədilə təşkil olunan tədbirdə MMC-nin Öyrənmə və inkişaf üzrə mütəxəssisi Aytən Cəbrayılzadə təqdimatla çıxış edib. İstehsalat müəssisəsinin Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) Modernləşdirmə və Yenidənqurma Layihəsinin idarə edilməsi məqsədilə SOCAR-ın təsisçiliyi ilə 2020-ci ildə fəaliyyətə başladığını qeyd edən A.Cəbrayılzadə 1200-dən artıq əməkdaşı olan şirkətin fəaliyyət istiqamətəri, hədəfləri, təşkilati strukturu, əmək şəraiti haqda ətraflı danışıb.
Sonra şirkətin baş mühəndisləri Ramin Məcidov və Fərid Novruzov Heydər Əliyev adına NEZ-in yenidənqurma və modernizasiyası, həmçinin tarixçəsi, istehsalat sahələri, yanacaq istehsalı sektorunda tutduğu mövqe, neft emalı texnologiyası və s. ilə bağlı ətraflı məlumat veriblər.
Tədbirin sual-cavab qismində fəallığı ilə seçilən tələbələr “SOCAR Downstream Management” MMC-nin hədiyyələri ilə mükafatlandırılıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi