Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin 2022-2023-cü tədris ilinin yaz semestrində təşkil olunan pedaqoji təcrübələri davam edir.
Fakültənin sonuncu kursunda təhsil alan tələbələr pedaqoji təcrübə zamanı nəzəri materialların mənimsənilməsi ilə yanaşı, qazandıqları bilik, bacarıq və vərdişləri dərs prosesində tətbiq edir, yeni tədris metodları ilə tanış olurlar.
Təcrübə dövründə tələbələrdə pedaqoji səriştəliliyin artırılması, pedaqoq kimi formalaşma, pedaqoji sahədə əldə edilən bacarıqların təkmilləşdirilməsi və dərinləşdirilməsi kimi məsələlərə diqqət yetirilir, peşəkarlığın yüksəldilməsi üçün onlara müvafiq təlim-tədris vərdişləri aşılanır.
Təcrübə zamanı fəallığı ilə diqqət çəkən BMU tələbələrinə növbəti tədris ilində iş təklif olunub.
Pedaqoji ixtisaslarda tədris dilinin ingilis dili olması nəzərə alınaraq, bütün tələbələrin pedaqoji təcrübəsi beynəlxalq və özəl liseylərdə təşkil edilib. Bu məktəblər sırasında Azərbaycan Britaniya Kolleci (ABC), XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Landau məktəbi, Zirvə liseyi, CELT Kolleci, İdrak liseyi, İstanbul liseyi və Hədəf liseyi yer alır.
Qeyd edək ki, BMU tələbələri üçün 16 fevral tarixindən start verilən istehsalat və pedaqoji təcrübənin 24 may tarixində başa çatması nəzərdə tutulur.
İctimaiyyətlə əlaqələr şöbəsi