BMU tələbələrinin hazırladığı “Zəngəzur” PUA-sı beynəlxalq sərgilərdə nümayiş olunub

25 Sentyabr 2024
BMU tələbələrinin hazırladığı “Zəngəzur” PUA-sı beynəlxalq sərgilərdə nümayiş olunub

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət “RED” komandasının hazırladığı “Zəngəzur” Pilotuz Uçuş Aparatı ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində  nümayiş olunub.

Sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanan PUA yüksək texniki parametrlərə malikdir. Havada hibrid rejimdə 3 saat işləmək imkanlarını özündə daşıyan PUA-nın faydalı yük götürmə qabiliyyəti 4 kq,  öz çəkisi isə 18 kq-dır.

Radioekoloji monitorinq imkanlarına malik PUA BMU-nun əməkdaşı Rüstəm Kələntərovun mentorluğu ilə tələbələr-Nadir Daşdıyev, Rəşad Əliyev, Nurtac Mirili, Məhəmməd Yusubov, Nihad Məhərrəmov və Elturan Əliyev tərəfindən hazırlanıb. Layihənin həyata keçirilməsində “RED” komandasına “SETM” MMC tərəfindən dəstək göstərilib.

Qeyd edək ki, BMU-nun "RED" komandası 2022-ci ildə “TEKNOFEST Azərbaycan” festivalında Robotexnika kateqoriyası üzrə birinci yeri tutub. Komandaya mükafat Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirakı zamanı təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər