Bakı Mühəndislik Universitetində (BMU) Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) tərəfindən tələbələrə IPMA (International Project Management Association) dərəcəli beynəlxalq serifikatlar təqdim edilib.
Təqdimetmə mərasimində BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Elçin Yusubov layihə menecmenti üzrə ödənişsiz beynəlxalq sertifikasiya proqramı əsasında təlimin təşkili, proqrama qoşulan tələbələr üçün yaradılan imkanlardan söz açıb. Bildirilib ki, təlim proqramı çərçivəsində tələbələr beynəlxalq standartlı layihə menecmenti alətləri ilə tanış olub və IPMA tələbləri üzrə beynəlxalq sertifikasiyanın praktik bölməsi üzrə uğurlu imtahan vermək üçün zəruri biliklər qazanıblar.
Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının vitse-prezidenti Fərid Kazımov qeyd edib ki, AzPMA tərəfindən təşkil olunan təlimlər layihə menecmenti sahəsində ali təhsildə dayanıqlı inkişafı dəstəkləmək, beynəlxalq standartlar əsasında peşəkar nailiyyətlərə imza atmaq niyyətində olan şəxslərin səriştələrinin artırılması məqsədi daşıyır.
Tələbələrin suallarının cavablandırılması ilə davam edən tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi