BMU tələbələrinə kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

20 Dekabr 2024
BMU tələbələrinə kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində “Kibertəhlükəsizlik klubu”nun təşkilatçılığı ilə tələbələr üçün “Kibertəhlükəsizliyə giriş” mövzusunda təlim təşkil olunub.

Tədbirdə informasiya texnologiyalarının aktuallaşdığı bir dövrdə kibertəhdidlər və kibertəhlükəsizlik anlayışlarının daha sıx gündəmə gəldiyi bildirilərək, bu mövzuda hər bir fərdin maariflənməsinin, xüsusilə texnoloji  ixtisaslarda peşəkar kadrlar kimi yetişməyi hədəfləyən tələbələrin biliklərinin artırılmasının vacibliyi vurğulanıb.

Sonra təlimçi, kiber mütəxəssis Müşfiq Səfərov kibertəhlükəsizliyi meydana çıxaran səbəblər, kiberhücumlara qarşı mübarizə üsulları haqqında təqdimatla çıxış edib. Bildirib ki, bu gün bütün dünyada kompüter sistemlərinə, digər informasiya texnologiyaları şəbəkələrinə kiberhücum halları baş verir və cəmiyyətlərin kiber maraqlarına ciddi ziyan vurulduğu üçün məlumat təhlükəsizliyinə diqqət, bu istiqamətdə ayrılan maliyyə vəsaitlərinin həcmi daha da artır. Xüsusilə bu sahədə peşəkar kadrların  formalaşmasına ehtiyac yarandığını deyən təlimçi gənclərin karyerası üçün hazırkı imkanları qeyd edib.

Təlim zamanı mütəxəssis kiberhücum risklərindən qorunmağın yollarını açıqlayıb, kibercinayətkarlığın qurbanı olmamaq üçün diqqət yetirilməsi vacib məqamları nəzərə çatdırıb.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər