Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin sonuncu kurs tələbələri üçün “Grant Thornton Azerbaijan” audit şirkəti tərəfindən ödənişli təcrübə proqramı çərçivəsində təşkil olunan imtahanların ilk mərhələsi keçirilib.
Əvvəlcə şirkətin baş audit mütəxəssisi Şamil Həsənov imtahan prosesi ilə bağlı müvafiq təlimatları izah edib və tələbələri maraqlandıran texniki məqamlara aydınlıq gətirib.
Test formasında həyata keçirilən ilk mərhələ 2 saat davam edib. Bu mərhələdə tələbələrə şirkət tərəfindən mühasibat, maliyyə və məntiq fənləri üzrə ingilis dilində hazırlanmış 40 sualdan ibarət test təqdim olunub.
BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə gerçəkləşdirilən imtahanlar üç mərhələdən ibarətdir. Növbəti mərhələlər müsahibə formasında həyata keçiriləcək. İmtahanların hər 3 mərhələsindən uğurla keçən namizədlər audit şirkətində ödənişli təcrübə proqramına qoşulmaqla yanaşı, gələcəkdə bu qurumda işə cəlb edilmək imkanı da qazanacaqlar.
Qeyd edək ki, “Grant Thornton Azerbaijan” şirkəti dünyanın 135-dən artıq ölkəsində fəaliyyət göstərən “Grant Thornton International LTD”- nin üzvüdür. Şirkət tərəfindən dövlət və özəl qurumlara audit, vergi və biznes sahəsi üzrə peşəkar konsaltinq xidmətləri göstərilir.
İctimaiyyətlə əlaqələr şöbəsi