Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “Təmiz Şəhər” ASC-nin nəzdində olan Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi və Balaxanı bərk məişət tullantılarının yandırılması zavodlarında istehsalat gəzintisində olub.
Ekologiya mühəndisliyi, Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması ixtisasları üzrə bakalavr və magistr tələbələrinin qatıldığı istehsalat gəzintisində tullantıların toplanması, daşınması, çeşidlənməsi, eləcə də yandırılması prosesləri ətraflı izah edilib. Bununla yanaşı, tələbələrə çeşidlənmiş tullantıların təkrar emala göndərilməsi və yeni məhsulların istehsalı zamanı xammal kimi istifadəsi əyani şəkildə göstərilib.
BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkil etdiyi tədbirdə tələbələr tullantıların yandırılması yolu ilə elektrik enerjisinin əldə olunması, yandırılma prosesi zamanı yaranan tullantıların zərərsizləşdirilməsi prosesləri ilə də yaxından tanış olublar.
İstehsalat gəzintisində BMU-nun tərəfdaş olduğu ITACA layihəsi çərçivəsində təşkil olunmuş kursun tələbələri də iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi