BMU tələbələri SAF 2025-də hakim qismində çıxış ediblər

01 Dekabr 2025
BMU tələbələri SAF 2025-də hakim qismində çıxış ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) “Proseslərin avtomatlaşdırılması” ixtisasının tələbələri - Camal Həmidov və Əli Qulaməliyev Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2025) hakim kimi çıxış ediblər.

SAF 2025-də 22 ölkədən minlərlə gənc istedad 18 kateqoriya üzrə yarışıb. Robototexnika, süni intellekt, bərpa olunan enerji, dron və peyk texnologiyaları, incəsənət, mühəndislik və innovativ layihələr kimi sahələr üzrə ümumilikdə 5000-dən çox müraciət arasından seçilən 1400 finalçı içərisində 19 müxtəlif ölkədən 202 iştirakçı da olub.

Festivalın hakimləri olan BMU tələbələri bundan öncə keçirilən yarışmalarda mühüm nailiyyətlər əldə ediblər. Onların təmsil olunduğu komanda 2022-ci ildə keçirilən SAF-da qalib gələrək ölkəmizi ABŞ-da keçirilən beynəlxalq “VEX Robotics” yarışlarında layiqincə təmsil edib və uğur qazanıb. Sonrakı illərdə onlar müxtəlif STEAM festivallarında ardıcıl üç dəfə çempionluq əldə ediblər.

BMU tələbələrinin SAF 2025-də hakim qismində çıxış etməsi, həm bilik və təcrübələrinin paylaşılması, həm də universitetin gənc mühəndislərin inkişafına verdiyi dəstəyin nümayişi baxımından böyük önəm daşıyır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər