BMU-nun rektoru Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetində olub

01 Dekabr 2025
BMU-nun rektoru Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetində olub

Özbəkistanda keçirilən “QS Avrasiya Forumu 2025” çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetində (TIFT) olub. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi müzakirə edilib.

BMU heyətini salamlayan TIFT-in rektoru Azizxon Nodirov iki universitet arasında əlaqələrin dinamik inkişaf etdiyini vurğulayaraq bildirib ki, elmi və akademik mühitin paylaşılması gələcəkdə daha genişmiqyaslı layihələrə zəmin yaradacaq.

BMU-nun rektoru Yaqub Piriyev isə təhsil və araşdırma sahəsində tərəfdaşlığın davamlı inkişafının əhəmiyyətinə toxunub. Rektor  TIFT ilə qarşılıqlı fəaliyyətin tələbə, müəllim mobilliyi baxımından yeni imkanlar açdığını diqqətə çatdırıb. Həmçinin növbəti dövrdə birgə layihələrin daha da fəallaşdırılmasının planlaşdırıldığı vurğulanıb.

Səfər zamanı Yaqub Piriyev TIFT-in professor-müəllim heyəti ilə də görüşüb, habelə universitetdə dizayn və memarlıq ixtisasları tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olub. BMU-da eyni istiqamətlər üzrə güclü akademik baza, müasir laboratoriyalar və yaradıcı mühitin mövcudluğu önə çəkilərək, bu sahədə də təcrübə mübadiləsi və birgə layihələrin gerçəkləşdirilməsi imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, bu ilin fevral ayında Bakıda BMU ilə TIFT  əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Sənəd iki universitet arasında akademik mübadilələrin və elmi-tədqiqat təşəbbüslərinin gücləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində ilk tələbə mübadiləsi də uğurla həyata keçirilib. Sentyabr ayında TIFT-in bir tələbəsi BMU-da mübadilə proqramı üzrə təhsil alıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər