Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “Norm” Açıq Səhmdar Cəmiyyətində (ASC) istehsalat təcrübəsi keçəcəklər. Bu məqsədlə universitetin sonuncu kurs tələbələri üçün imtahan prosesi təşkil olunub.
Tədbirdə iştirak edən “Norm” ASC-nin İnsan resursları və administrativ işlər üzrə baş mütəxəssisi Tamerlan Ələkbərli BMU ilə təmsil etdiyi qurum arasında əməkdaşlıq haqqında razılaşmanın mövcud olduğunu xatırladıb. Şirkət rəsmisi qeyd edib ki, BMU-nun mühəndislik, iqtisadiyyat, maliyyə, biznes və idarəetmə ixtisasları üzrə təhsil alan tələbələrinin ASC-də istehsalat təcrübəsi keçməsi əməkdaşlığın istiqamətlərindən birini təşkil edir.
Sonra baş mütəxəssis tələbələri BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamenti ilə birgə təşkil olunan imtahanın qaydaları ilə tanış edib. Bildirilib ki, iki mərhələdən ibarət prosedurun ilkin seçim mərhələsində məntiq, ingilis dili və dünyagörüşü üzrə keçirilən imtahana 1 saat vaxt ayrılıb. İmtahanı uğurla tamamlayan tələbələr növbəti həftə müsahibə mərhələsinə dəvət olunacaq və ikinci mərhələni də müvəfəqqiyyətlə yekunlaşdıran şəxslər “Norm” ASC-də istehsalat təcrübəsi keçmək hüququ qazanacaqlar. Bununla yanaşı, istehsalat təcrübəsinə cəlb olunan tələbələr şirkət tərəfindən nəqliyyat və yeməklə təmin ediləcəklər. Növbəti mərhələ üzrə seçim kriteriyalarına da aydınlıq gətirən baş mütəxəssis burada tələbələrin cavabları ilə yanaşı, seçdikləri sahəyə marağının da xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
Daha sonra imtahan prosesinin ilk mərhələsinə start verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi