BMU tələbələri Dünya Robot Olimpiadası ilə bağlı məlumatlandırılıb

20 May 2025
BMU tələbələri Dünya Robot Olimpiadası ilə bağlı məlumatlandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) Dünya Robot Olimpiadasına dair tələbələr üçün məlumat sessiyası keçirilib.

Öncə BMU Texnoparkının direktoru Vüsal Süleymanlı çıxış edərək Gənclər və İdman Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası, Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə bu ilin 18-22 sentyabr tarixlərində adıçəkilən olimpiadanın Azərbaycan üzrə seçmə mərhələsinin keçiriləcəyini bildirib və infosessiyanın bu baxımdan tələbələr üçün əhəmiyyətli olduğunu vurğulayıb.  

Sonra AREA-nın koordinatoru Fədayə Vəliyeva olimpiada haqqında tələbələrə ətraflı məlumat verib. Təqdimatda olimpiadanın hər il dünyada, eləcə də ölkəmizdə keçirilən qlobal robotexnika yarışması olduğu bildirilib. Habelə  Azərbaycanın 2017-ci ildən Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul olunması, yeniyetmə və gənclərin yarışmanın yerli mərhələsində  uğurlar qazanaraq dünya finallarında ölkəmizi layiqincə təmsil etməsi önə çəkilib. Eyni zamanda gənclərin İKT və elmi biliklərinin inkişafına dəstək olmaq, yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyan olimpiadanın digər mühüm üstünlükləri vurğulanıb.  

Dünya Robot Olimpiadasının builki finalının 26 -28 noyabr tarixlərində Sinqapurda keçiriləcəyini deyən AREA təmsilçisi Azərbaycanda VIII Robot Olimpiadasına qeydiyyat prosesi, şərtlər və s. məqamlar haqqında zəruri informasiyaları da iştirakçıların nəzərinə çatdırıb. Tədbir zamanı, həmçinin olimpiada ilə ətraflı tanış olmaq və yarışa qatılmaq istəyənlərə link (https://wro.az/qeydiyyat2025)  təqdim edilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər