“BP Azerbaijan” şirkəti bakalavr pilləsi üzrə texniki fakültələrdə təhsil alan tələbə və məzunların karyera inkişafına dəstək məqsədilə yeni mentorluq proqramına start verib.
Proqramının təqdimatı ilə bağlı keçirilən tədbirdə iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsil sektorunun, insan kapitalının inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Nazir müavini çıxışında Böyük Britaniya ilə təhsil sahəsində əməkdaşlığa toxunaraq bildirib ki, bu ölkə tələbələrimizin təhsil almaq üçün üz tutduqları dövlətlər içərisində ilk sıralardadır.
Müasir dünyada mentorluğa böyük marağın olduğunu qeyd edən F.Qurbanov bu istiqamətdə BP şirkətinin fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib. Nazir müavini çıxışının sonunda seçilmiş tələbə və məzunları təbrik edib.
“BP Azerbaijan” şirkətinin vitse-prezidentləri Bəxtiyar Aslanbəyli və Nərminə Nəbiyeva tələbə və gənclərin inkişafına dəstək üçün nəzərdə tutulan bu yeni təşəbbüsə başlamaqdan məmnunluq duyduqlarını qeyd ediblər.
Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov bu proqramın məzun və tələbələrin öz gələcək karyeralarını qurmaq baxımından oynayacağı rolun əhəmiyyətindən bəhs edib. H.Məmmədov BMU tələbələrinin bu qəbildən olan proqramlarda, beynəlxalq layihələrdə fəal şəkildə iştirak etdiyini nəzərə çatdırıb. O, BMU tələbələrinin qaliblər sırasında yer almasından məmnunluğunu bildirib və onlara uğurlar arzulayıb.
Sonra proqramın məqsədi barədə ətraflı məlumat verilib. Bildirilib ki, məqsəd seçilmiş tələbələrə fərdi mentorluq təlimləri verməklə onların gələcək karyera imkanlarına yardım etməkdir. Mentorluq proqramı əsasən ünsiyyət, təqdimat, əlaqələrin qurulması və sair bu kimi tələb olunan işgüzar səriştələrin inkişaf etdirilməsinə yönəlib. Hazırkı mərhələdə proqramın 2 qrupdan ibarət olması planlaşdırılır. Tələbələrin birinci qrupu proqrama cari ilin noyabrında, ikinci qrupu isə 2020-ci ilin yanvarında başlayacaq.
Ümumilikdə, proqramda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan-Fransız Universitetindən olan 119 tələbə və məzun iştirak edəcək.
Proqramın iştirakçıları kimya mühəndisliyi, mexanika mühəndisliyi, neft və qaz mühəndisliyi, inşaat mühəndisliyi, energetika, geoloji kəşfiyyat/geofizika, energetika mühəndisliyi, proseslərin avtomatlaşdırılması, təkrar emal və resursların bərpası, ekologiya mühəndisliyi, informasiya texnologiyaları kimi sahələrdə ixtisaslaşacaqlar.
İctimaiyyətlə əlaqələr şöbəsi