Bakı Mühəndislik Universitetinin (BMU) nəqliyyatda servis ixtisası üzrə təhsil alan bir qrup tələbəsi Logistika və nəqliyyat texnologiyaları kafedrasının müəllimi Əli Qocayevin rəhbərliyi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında ekskursiyada olub.
Limanın əməkdaşları-Cavidan Kərimli, Sirac Talıbov və Orxan Talıbzadə tərəfindən təhlükəsizlik qaydaları ilə tanış edilən tələbələr, həmçinin buradakı yaşıl və qırmızı zonalardan, müəyyən ərzailərdə fərdi mühafizə vasitələrindən istifadənin əhəmiyyyəti, baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı zəruri tədbirlər haqda məlumatlandırılıb. Limanın tarixi, fəaliyyət və gələcək inkişaf istiqamətləri, yerinə yetirilən əməliyyatlar da tələbələrin nəzərinə çatdırılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Ekskursiya çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə universitet arasında bağlanan müqaviləyə uyğun olaraq, istehsalat təcrübə proqramları, seminarların təşkili, məzunların işlə təminatı istiqamətlərində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Eyni zamanda işə cəlb olunma müsabiqələrində tələbələrin fəallığının artırılması məsələləri vurğulanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi