BMU tələbələri “Azercell Telekom” MMC-nin iş prosesi ilə tanış olublar

04 May 2023
BMU tələbələri “Azercell Telekom” MMC-nin iş prosesi ilə tanış  olublar

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin tələbələri üçün “Azercell Telekom” MMC-də mobil rabitə şəbəkəsi ilə əyani tanışlıq təlimi və ekskursiya təşkil edilib.

Fakültənin “Radiotexnika və telekommunikasiya mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələri üçün baş tutan təlimdə MMC-nin aparıcı mütəxəssisləri Rövşən Məmmədov və İlqar Mürsəlov çıxış ediblər.

Tələbələr bütün ölkə üzrə mobil şəbəkənin davamlılığına nəzarət edilməsi, texnoloji yeniliklərin tətbiqi və müştərilərin artan tələblərinin qarşılanması mexanizmi ilə yaxından tanış olublar. Həmçinin, “Azercell”in baza və ötürücü stansiyaları, müasir texnologiyalar, şəbəkə elementləri və qurğuları haqqında ətraflı məlumatlar verilib, şəbəkənin iş prinsipi və xidmət keyfiyyətinə nəzarət sistemi təqdim olunub.

Yerli rabitə şirkətində əməkdaşlar üçün yaradılmış şəraitlə də tanış olan ziyarətçilərə karyera imkanları və rabitə işinin incəlikləri izah olunub.

Ekskursiya tələbələri maraqlandıran sualların “Azercell” əməkdaşları tərəfindən cavablandırılması ilə başa çatıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər