Bakı Mühəndislik Universitetində (BMU) “Azercell Telecom” MMC-nin HR mütəxəssisləri ilə tələbələrin görüşü keçirilib.
BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Mərkəzi, Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində “Karyera” klubunun birgə təşkilatçılığı ilə keçirilən görüşdə “Azercell” şirkətinin əməkdaşları Fatimə Abdullayeva və Murad Məmmədzadə əvvəlcə təmsil etdikləri qurum, onun həyata keçirdiyi sosial layihələr, marafonlar, sponsorluq fəaliyyəti haqqında ümumi məlumat verib, daha sonra isə tələbələri Azərbaycanın ən böyük mobil operatorunda karyera imkanları, işə qəbul qaydaları ilə tanış ediblər.
Tələbələrə, həmçinin “Azercell”in data bazalarına düşmək üçün texniki prosedurlar izah olunub, eləcə də təqaüd və təcrübə proqramlarına seçilmək üçün meyarlar, proqramları qazanmağın üstün cəhətləri diqqətə çatdırılıb. Bildirilib ki, təqaüd proqramına baş vurmuş universitet tələbələrinə bu həftəsonu cavab veriləcək, növbəti mərhələ kimi seçilən namizədlərlə videomüsahibə, daha sonra isə üzbəüz müsahibə təşkil olunacaq. Vurğulanıb ki, “Azercell”in təqaüdü 300 azn təşkil edir və tələbə təqaüdü universiteti bitirənədək, həmçinin magistratura səviyyəsində təhsilinə davam edərsə də ala biləcək. Təqaüd proqramlarını qazanmağın daha bir üstün cəhəti kimi təcrübə proqramlarında iştirak və işə qəbul imkanının yaranması qeyd edilib.
Görüşdə, həmçinin tələbələrin sualları cavablandırılıb və təklifləri dinlənilib.
İctimaiyyətlə əlaqələr şöbəsi