BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

23 May 2025
BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) iclası keçirilib.

İclasda çıxış edən BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasətindən, qalib Azərbaycanın qədəm qoyduğu yeni inkişaf mərhələsində cəmiyyətin ən aktiv təbəqəsi olan tələbələrin üzərinə düşən vəzifələrdən danışıb.

Prorektor çıxışında ötən dövrdə THİK-in fəaliyyətinin uğurlu olduğunu qeyd edib və komitənin rəhbəri Ləman Şərifovaya kollektivin böyük etimad göstərərək BMU Həmkarlar İtiifaqı Komitəsinə sədr seçdiyini vurğulayıb. Bugünkü iclasda yeni sədrin seçilməsi məsələsinə baxılacağını qeyd edən Bayram Hüseynzadə THİK-in bundan sonra da öz işini fəal şəkildə quracağına inandığını bildirib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə təmsil etdiyi qurumun gənclərin inkişafı üçün gördüyü işləri, bu ildən tətbiq olunacaq yenilikləri nəzərə çatdırıb. Təhsil, sosial-mədəni, asudə vaxtın təşkili üzrə gerçəkləşdirilən tədbirləri sadalayan Mirzə Cəfərzadə, həmçinin ittifaq tərəfindən “Adlı təqaüd”ə layiq görülən tələbələrin sayının bu il əhəmiyyətli şəkildə artırıldığını və iclasda iştirak edənlər arasında həmin təqaüdü alan tələbələrin olduğunu söyləyib. Sədr müavini yeni dövrdə gənclərlə bağlı işin aparılmasında THİK-in üzərinə düşən öhdəliklərdən də bəhs edib.

Sonra iclasda BMU THİK-in sədr müavini, 3-cü kurs tələbəsi Əli Hüseynovun qurumun sədrliyinə namizədliyi irəli sürülüb. Çıxış edənlər onun bu sahədəki təcrübəsini, universitetin sosial və ictimai həyatındakı fəallığını vurğulayıblar. Səsvermənin nəticələrinə əsasən, Əli Hüseynov THİK-in yeni sədri seçilib.

Sonda prorektor Bayram Hüseynzadə, ATİAHİ rəsmisi Mirzə Cəfərzadə çıxış edərək THİK-in yeni sədrinə gələcək fəaliyyətində uğurlar arzulayıb və öz tövsiyələrini veriblər.

 İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər