BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

29 İyun 2022
BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) növbəti iclası keçirilib. İclasda THİK-in sədri Rayaxanım Ağazadənin öz xahişi əsasında tutduğu vəzifədən getməsi ilə bağlı müraciətinə və Komitəyə yeni sədrin seçilməsi məsələsinə baxılıb.

BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə çıxışında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb və bu istiqamətdə gerçəkləşdirilən tədbirlər, icra olunan müxtəlif dövlət proqramları haqda məlumat verib. Prorektor cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, eləcə də idarəetmə və vətəndaş cəmiyyətinin inkişafı sahələrində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. BMU-da THİK-in fəaliyyətini və tələbə-gənclərin fəallığını önə çəkən Bayram Hüseynzadə qurumun növbəti illərdə də işini daha fəal şəkildə quracağına ümidvar olduğunu bildirib və qarşıda duran əsas vəzifələrə toxunub.

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə də ölkə gənclərinin hərtərəfli inkişafı istiqamətində dövlət tərəfindən verilən dəstək və göstərilən qayğıdan danışıb. Təhsil, elm, sosial-mədəni, eləcə də peşə hazırlığı sahələrində tələbələrin fərdi inkişafı, asudə vaxtının təşkili üzrə görülən genişmiqyaslı tədbirləri sadalayan Mirzə Cəfərzadə gənclərin ictimai fəaliyyətinə diqqət çəkib. ATİAHİ rəsmisi istedadlı və yaradıcı gənclərin vaxtında aşkarlanması, onların qabiliyyətlərinin inkişafı, eləcə də yüksək nailiyyətlər əldə etmiş gənclərin təbliği istiqamətində Tələbə Həmkarlar İttifaqı komitələrinin üzərinə düşən öhdəlikləri vurğulayıb.

Çıxışlardan sonra səsvermə yolu ilə THİK-in sədri Rayaxanım Ağazadənin ərizəsi qəbul edilib. Eyni zamanda, R.Ağazadə universitetin sosial-ictimai həyatında göstərdiyi fəallığa görə BMU rektorunun Fəxri Fərmanı ilə təltif olunub.

Ardınca keçirilən səsvermənin nəticələrinə əsasən, BMU Tələbə Gənclər Təşkilatının sədri Ləman Şərifova THİK-in yeni sədri seçilib.

Sonda prorektor Bayram Hüseynzadə, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək THİK-in yeni sədrinə gələcək fəaliyyətində uğurlar arzulayıblar və öz tövsiyələrini nəzərə çatdırıblar.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər