BMU TEC-in fəal tələbələrinə sertifikatlar təqdim olunub

02 İyul 2025
BMU TEC-in fəal tələbələrinə sertifikatlar təqdim olunub

Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov TEC-in fəaliyyətinin yalnız universitetin akademik hədəflərinin reallaşdırılması ilə məhdudlaşmadığını, müasir çağırışlara cavab vermək baxımından da əhəmiyyətli rol oynadığını deyib. TEC-in qlobal proseslərdə fəal iştirakına toxunan prorektor cəmiyyətin təşəbbüslərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan “Sənaye, İnnovasiya və İnfrastruktur” istiqaməti ilə üst-üstə düşdüyünü və bu sahədə tələbələrin mühüm nailiyyətlər qazandığını diqqətə çatdırıb. Eyni zamanda, bu fəaliyyətlərin tələbələrin müasir iqtisadi reallıqlara uyğunlaşmaq və qlobal çağırışlara cavab vermək bacarığını nümayiş etdirdiyini vurğulayıb.

Prorektor onu da bildirib ki, universitetdə tələbələrin nəzəri biliklərinin praktikada tətbiqi üçün geniş imkanlar yaradılıb və TEC bu istiqamətdə onlara tədqiqat, yaradıcılıq, sənaye ilə inteqrasiya üçün unikal layihələr təqdim edir. Gənc tədqiqatçılar müasir texnologiyalardan yararlanaraq startap layihələri həyata keçirir, innovativ məhsul və xidmətlər ərsəyə gətirirlər. Onlar avtomatlaşdırma, enerji səmərəliliyi və ekoloji texnologiyalar sahəsində konkret həllər təklif edərək müasir sənayenin tələblərinə uyğun cavablar formalaşdırırlar.

Tədbirin davamında TEC-in uğurları geniş müzakirə olunub, tələbələrin elm və innovasiya sahəsindəki töhfələri yüksək qiymətləndirilib.

Sonda 2024-2025-ci tədris ilində TEC-in elmi tədbirlərinin təşkili və həyata keçirilməsində fəallıq göstərmiş tələbələrə sertifikatlar təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər