Bakı Mühəndislik Universiteti (BMU) Mühəndislik fakültəsinin dekanı Asif Quliyev, Logistika və nəqliyyat kafedrasının müdiri Bəxtiyar Namazov və kafedranın dosenti Leyla Həsrətova “Azera Holding”in nəzdində fəaliyyət göstərən “Sara Logistika” MMC-də olublar.
Əvvəlcə BMU əməkdaşları “Logistika və nəqliyyat texnologiyaları” ixtisası üzrə şirkətdə praktika keçən tələbələrin təcrübəsinin gedişatı ilə maraqlanıb, daha sonra şirkətin rəhbərliyi ilə görüşüblər. Görüşdə Mühəndislik fakültəsində tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib, həmçinin BMU və “Sara Logistika” rəhbərlikləri arasında razılaşdırılmış əməkdaşlığın praktiki həyata keçirilməsi, o cümlədən genişləndirilməsi imkanları müzakirə olunub.
MMC haqqında ümumi məlumat verən müəssisənin direktoru Ülvi Orucov 2022-ci ildən etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin fraxt operatoru kimi fəaliyyət göstərən “Sara Logistika”nın etibarlı nəqliyyat, saxlama, yükdaşıma xidmətləri təqdim etdiyini bildirib. Habelə kənd təsərrüfatı, qida və qeyri-qida sənayesi, logistika, tibb və digər xidmət sahələrində geniş fəaliyyət göstərən “Azera Holding” barədə zəruri informasiyalar təqdim olunub.
Görüş zamanı BMU-nun bakalavr və magistr səviyyəsində təhsil alan tələbələri üçün master-klasların təşkili, təcrübə proqramlarında iştirak, Logistika və nəqliyyat kafedrasının texniki təchizatına köməkliyin göstərilməsi, həmçinin tələbələrin gələcəkdə daimi, eləcə də part-time işlə təmin olunma perspektivləri nəzərdən keçirilib və bu istiqamətlərdə ilkin razılıq əldə edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi