Bakı Mühəndislik Universiteti (BMU) 16 iyun tarixində Türkiyənin İstanbul şəhərində “Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə öz işinə başlayan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə təmsil olunur. Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi rəhbərliklərinin iştirak etdiyi konqres çərçivəsində ümumilikdə ölkəmizin 12 aparıcı universitetinin müsbət təcrübəsi Azərbaycan pavilyonunda beynəlxalq auditoriyaya təqdim edilir.
Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, qardaş ölkənin digər rəsmi şəxsləri, universitet rektorları, o cümlədən xarici qonaqlar BMU-nun stendi ilə tanış olublar. Onlara gənc universitet olan BMU-nun son illərdə əldə etdiyi nailiyyətlər, tədris edilən və açılan yeni ixtisaslar, geniş kampusa malik ali təhsil ocağında əcnəbi tələbələr üçün yaradılan şərait və s. haqqında geniş məlumat verilib. Tanışlıq zamanı Türkiyə və digər universitetlərlə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.
Azərbaycanın 50 nəfərə yaxın heyətlə qatıldığı “Qlobal Dayanıqlı İnkişaf Konqresi”nin rəsmi açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev ölkəmizin təcrübəsinə həsr olunmuş müzakirədə iştirak edib. Nazir Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsindən sonrakı dövrdə elm və təhsil sahəsinin inkişafı üçün yaranmış imkanlar barədə sualları cavablandırıb. Eyni zamanda ali təhsil müəssisələrimizdə dayanıqlı inkişaf üzrə görülən işlər, iqlim üzrə tədqiqatların dəstəklənməsi, yaşıl bacarıqların inkişafı, qlobal tərəfdaşlıqların qurulması və digər məsələlər vurğulanıb.
Qeyd edək ki, iyunun 19-da başa çatacaq konqresdə dünyanın 100-dən çox ölkəsindən 5000-dən artıq nümayəndə təmsil olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi