Bakı Mühəndislik Universiteti (BMU) ilə Qazaxıstanın tanınmış ali məktəbləri arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində mühüm addımlar atılır. Belə ki, “QS World University Rankings" sistemi çərçivəsində əməkdaşlığa başlamaq və ikitərəfli memorandumlar imzalamaq barədə ilkin razılıq əldə edilib.
Bu məqsədlə Qazaxıstanda elmi ezamiyyətdə olan BMU-nun Strategiya və keyfiyyət idarəetmə mərkəzinin direktoru Sevil İmanova bir sıra universitetlərdə faydalı görüşlər keçirib.
Esil Universitetinin tədris və elmi işlər üzrə vitse-prezidenti Dametken Turekulova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira Zadanova ilə görüşlərdə ikitərəfli əməkdaşlıqlar ətraflı müzakirə olunub. Eləcə də Özbəkistanın Daşkənd Dövlət İqtisad Universitetinin professoru Bobur Sobirov və İndoneziyanın Muhammadiyah Sidoarko Universitetinin nümayəndəsi Mohammad Tanzil Multazam ilə birlikdə regional əməkdaşlığın inkişafına xidmət edən beynəlxalq layihələr nəzərdən keçirilib.
Səfər zamanı, həmçinin Qazaxıstanın tanınmış ali təhsil ocaqlarından biri olan L.N.Qumilyov adına Avrasiya Milli Universitetində də görüşlər təşkil olunub. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Altın Kiyaşeva ilə müəllim və tələbə mübadiləsi, ikili diplom proqramları, o cümlədən digər sahələr üzrə gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi