“Yüksək balla tələbə adını qazanmaq qürurverici olduğu qədər də məsuliyyətlidir. Çünki bu nailiyyət təkcə şəxsi uğur deyil - ailəmin, müəllimlərimin dəstəyi, xüsusilə Prezident cənab İlham Əliyevin biz gənclərə yaratdığı hərtərəfli şəraitin nəticəsidir”.
Bu fikri 2025-2026-cı tədris ili üçün bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək, 661 balla Bakı Mühəndislik Universitetinə (BMU) qəbul olunan Nərmin Talıbova deyib.
O, Ağcabədi şəhər 1 saylı tam orta məktəbi müvəffəqiyyətlə bitirib. Qəbul imtahanlarına əzmlə çalışaraq BMU-nun “İnformasiya texnologiyaları” ixtisasını qazanıb.
BMU-nu seçməyinin təsadüfi olmadığını deyən N.Talıbova ali təhsil ocağında yeni elmi inqilab və texnoloji inkişaf çağına uyğun tədris proqramları ilə təhsil verildiyini əsas gətirib: “Hazırkı dövrdə mühəndislik və innovasiya yalnız elm sahəsi deyil, həm də ölkələrin gücünü, rəqabət qabiliyyətini müəyyənləşdirən əsas amildir. Bu ali məktəb yalnız nəzəri biliklər deyil, həm də praktiki bacarıqlar qazandıran güclü təhsil mühitinə malik universitet kimi tanınır. Burada olan müasir laboratoriyalar, beynəlxalq mübadilə imkanları və peşəkar müəllim heyəti biz tələbələr üçün yeni üfüqlər açır”.
Tələbəlik illərini gənclərin həyatının yeni bir mərhələsi, yeni uğurların əsası kimi qiymətləndirən N.Talıbova vurğulayıb ki, qarşıda böyük və şərəfli bir vəzifə dayanır: “İndi davamlı öyrənmək, inkişaf etmək, bilik və bacarıqlarımızla həm öz gələcəyimizi, həm də Vətənimizin gələcəyini möhkəmləndirmək lazımdır. Bu gün sürətlə inkişaf edən Vətənimizin gələcəyi məhz elm, texnologiya və innovasiyalar üzərində qurulacaq. Əminəm ki, bu universitetdə yalnız savadlı və innovasiya yönümlü yaradıcı mütəxəssis deyil, həm də vətənpərvər, məsuliyyətli və dəyərlərə sadiq vətəndaş kimi formalaşacaq, ölkəmizin inkişafına töhfə verəcəyik”.
Qeyd edək ki, BMU-ya üstünlük verən yüksək ballı abituriyentlərin sayında ötən illə müqayisədə iki dəfəyə yaxın artım qeydə alınıb. Qəbul olunanların 395 nəfəri 500-dən yuxarı, 53 nəfəri isə 600-700 bal arasında nəticə göstərib.
İctimaiyyətlə əlaqələr şöbəsi