Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaş olduğu “Əlil sahibkarlara dəstək” layihəsi çərçivəsində Masallı Sənaye Məhəlləsində Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST), “Azərsu” ASC, “Azərmaş” ASC, BMU, “FORİELLA” MMC, “Ekvita”, Bakı Tekstil Fabriki və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin dəstəyi ilə yaradılıb.
Mərkəzin fəaliyyətində əsas hədəflər sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin biznesyönümlü bilik və bacarıqlarının artırılması, sosial sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışına dəstək olmaqdır. Belə bir mərkəzin yaradılması məqsədilə 2021-ci ilin dekabr ayında KOBİA, Dövlət Məşğulluq Agentliyi, DOST Agentliyi, “Azərsu” ASC, BMU, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzinin açılışında iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin İdarə Heyətinin sədri Mirzə Məmməd Vəliyev və digər tərəfdaş qurumların nümayəndələri, sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslər mərkəzdə yaradılmış şəraitlə tanış olublar. Qonaqlara mərkəzdə sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslər, eyni zamanda şəhid ailələrinin üzvləri və qazilərin müvafiq peşələr üzrə bacarıqlara yiyələnmələri üçün yaradılan şərait haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ayırdığı qrant vəsaiti hesabına mərkəz dərzilik, xalçaçılıq və foto-video operator peşələri üzrə müvafiq avadanlıqlarla təmin edilib.
Bu mərkəzdə peşə və biznes təlimlərini müvəffəqiyyətlə başa vuran şəxslər növbəti mərhələdə özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin edilmələri məqəsdilə aidiyyəti qurumlarla əlaqələndiriləcək. Bundan əlavə, layihənin tərəfdaşları tərəfindən iştirakçılara biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarəçiliyi və inkişaf etdirilməsi istiqamətində məsləhət xidmətlərinin göstərilməsi təmin olunacaq.
İctimiayyətlə əlaqələr şöbəsi