Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi Mehrac Əliyev Avropa Şurası Parlament Assambleyasında (AŞPA) bir həftəlik təcrübədə olub.
AŞPA-nın payız sessiyası çərçivəsində keçirilən təcrübədə iştirak etmiş “Siyasi Psixologiya Məktəbi”nin 5 üzvündən biri olan M.Əliyev bildirib ki, gələcək karyera baxımından AŞPA kimi nüfuzlu bir qurumda təcrübə keçmək çox əhəmiyyətli idi. AŞPA-nın əsas iclaslarında dinləyici qismində iştirak etdiyini nəzərə çatdıran M.Əliyev vurğulayıb ki, bu qurumun, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin işi ilə yaxından tanış olublar.
Təcrübənin yüksək səviyyədə keçdiyini və buna görə təşkilatçılara təşəkkürünü bildirən BMU tələbəsi qazandığı bilik və təcrübənin gələcək fəaliyyətində uğurla istifadə edərək, cəmiyyətimizin inkişafına töhfə verməyə çalışacağını bildirib.
Səfər müddətində gənclər AŞPA komitələrinin müxtəlif mövzularda keçirilən iclaslarına qatılmaqla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinə baş çəkiblər, payız sessiyası çərçivəsində dövlət və hökumət başçılarının çıxışlarını dinləyiblər. Eyni zamanda, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi, eləcə də ölkənin UNESKO üzrə Milli Komissiyasının dəstəyi ilə təşkil olunan, Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş tədbirdə də iştirak ediblər.
Qeyd edək ki, “Siyasi Psixologiya Məktəbi” Siyasi Psixologiya Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə formalaşıb. 2016-cı ildən Bakıda fəaliyyət göstərən Siyasi Psixologiya Mərkəzi gənclər üçün müvafiq mövzularda təlimlər, psixoloji konsultasiyalar, mühazirələr, seminarlar təşkil edir. Mərkəzin əsas prinsipi gənclərə yeniliklərə açıq olmaq prinsipini aşılamaq və onlara öz imkanlarını nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. Qurumun direktoru Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur.
Millət vəkili S.Seyidov BMU-nun tələbəsinin AŞPA-nın payız sessiyasında yüksək səviyyədə iştirak etdiyini, unudulmaz təcrübə qazandığını bildirib. O, ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası istiqamətində görülən işlərdə BMU-nun da fəal iştirakını təqdir edib.
İctimaiyyətlə əlaqələr şöbəsi