BMU-nun tələbələri pedaqoji və istehsalat təcrübələrində olublar

05 Noyabr 2019
BMU-nun tələbələri pedaqoji və istehsalat təcrübələrində olublar

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri 2018/2019-cu tədris ili üzrə pedaqoji və istehsalat təcrübələrini uğurla başa vurublar. Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültəsi, eləcə də Tərcümə (ingilis dili) ixtisası üzrə istehsalat təcrübəsinə göndərilən bakalavr tələbələrin ümumi sayı 442 nəfər, Pedaqoji təcrübəyə göndərilənlərin sayı isə 325 nəfər təşkil edib.

Mühəndislik və İqtisadiyyat ixtisaslarında təhsil alan tələbələr Milli Məclis, Asan Xidmət, Abşeron Rayon İcra Hakimiyyəti, SOCAR, Dövlət Tərcümə Mərkəzi, Kapital Bank, Gilan Holding, Sumqayıt Texnologiya Parkı, NSP Solutions MMC, Veysəloğlu MMC, Ram LTD, Azmarketing MMC, Azərbaycan Sənaye Bankı, Azersun Holding MMC, Novo Solution LTD, Aztelekom MMC, Nurgün Holding, Azertexnolayn MMC, Paşa Holding, Big four şirkətləri (Deloitte, KPMG, Erenest and Young), Azgranata MMC, Azercell Telekom MMC və Almaniyanın Koblenz Universitetində istehsalat təcrübəsində olublar.

Pedaqoji fakültəsinin tələbələri isə Akademik Zərifə Əliyeva adına lisey, Avropa Azərbaycan məktəbi, Azərbaycan Britaniya Kolleci, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Zirvə liseyi və Xırdalan şəhərində yerləşən orta məktəblərdə pedaqoji təcrübə keçiblər.

Magistr pilləsində təhsil alan tələbələr üçün təşkil olunan elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrdə payız semestrində  Dövlət strukturlarında menecment, Beynəlxalq iqtisadi münasibətlər, Maliyyə menecmenti, Biznesin təşkili və idarəedilməsi, İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sənaye üzrə) magistr ixtisasları üzrə 55 tələbə, yaz semestrində isə Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması, Kompüter mühəndisliyi, İdarəetmədə informasiya sistemləri, Mexanika mühəndisliyi, Əsas üzvi sintezin kimyası və texnologiyası, Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə 51 tələbə iştirak edib.

Ali təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Təcrübənin əsas vəzifəsi tələbələrin aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etməkdir. İstehsalat və pedaqoji təcrübə universitetlə şirkətlər, lisey və məktəblər arasında bağlanmış ikitərəfli təcrübə müqavilələri əsasında həyata keçirilir.

2019-2020-ci tədris ili üzrə təcrübə proqramlarının təşkilinə başlanılıb. Bu məqsədlə bir çox müəssisə-təşkilat və məktəblərlə görüşlər keçrilir.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər