Bakı Mühəndislik Universitetində (BMU) “PAŞA Bank Kuboku IV” (“PASHA Bank Cup IV”) proqramlaşdırma müsabiqəsinin final mərhələsi keçirilib. “PAŞA Bank” tərəfindən 2019-cu ildən etibarən keçirilən müsabiqə ölkədə informasiya texnologiyaları (İT) sahəsinin inkişafına dəstək verilməsi, bu istiqamət üzrə təhsil alan gənclərin, eləcə də İT sahəsində fəaliyyət göstərən peşəkar kadrların potensialının üzə çıxarılması və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunur.
Final mərhələsinin qalibləri sırasında BMU-nun tələbə və məzunları da yer alıb. Belə ki, BMU-nun İdarəetmədə informasiya sistemləri ixtisasının magistrantı Rəşad Məmmədov “Peşəkarlar” kateqoriyası üzrə I yerə, Kompüter elmləri ixtisasının 2-ci kurs tələbəsi Sadik Məlikov “Tələbə” kateqoriyası üzrə həvəsləndirmə mükafatına, Kompüter mühəndisliyi ixtisasının 2021-ci il məzunu Nicad Hüseynov isə “PAŞA Bank mühəndisləri” kateqoriyası üzrə I yerə layiq görülüb.
Müsabiqəyə müxtəlif yaş qruplarına aid iştirakçılar, o cümlədən məktəblilər, tələbələr və peşəkar proqramçılar qoşularaq, proqramlaşdırma və alqoritmik biliklərini sınayıblar. Beş mərhələdən ibarət olan müsabiqənin dörd mərhələsi (I mərhələ: verilənlər strukturları; II mərhələ: axtarış və çeşidləmə; III mərhələ: “tamahkar” alqoritmlər, dinamik proqramlaşdırma; IV mərhələ: qraflar nəzəriyyəsi mövzularında) onlayn keçirilib. Onlayn keçirilmiş dörd mərhələdə yüksək nəticələr göstərmiş 63 iştirakçı finala vəsiqə qazanıb və müsabiqənin final mərhələsində 11 şagird, 12 tələbə, İT sahəsi üzrə 5 peşəkar və 7 PAŞA Bank mühəndisi iştirak edib. Final turunda iştirakçılara 4 saat ərzində 6 alqoritmik məsələnin proqramını tərtib etmək və “HackerRank” platformasında sınaqdan keçirmək tapşırığı verilib.
Müsabiqənin nəticələrinə görə 4 kateqoriya (şagird, tələbə, peşəkar, PAŞA Bank mühəndisləri) üzrə qaliblər müəyyənləşdirilib.
Hər kateqoriya üzrə ilk üç yerin qalibləri “PAŞA Bank” tərəfindən qiymətli hədiyyələrlə (I yer “Apple MacBook Air”, II yer “Apple iPad”, III yer “Kindle”) mükafatlandırılıb. Bundan əlavə, hər qrup üzrə növbəti 4 yerin sahibinə həvəsləndirici hədiyyələr də (“Xiaomi Mi Band 6”) təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi