Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Havar Məmmədov “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib. Konfrans yaşıl iqtisadiyyat sahəsində bütün səyləri bir akademik platformada birləşdirmək və sözügedən mövzuda elmi müzakirələri təşkil etmək məqsədi daşıyıb.
Beynəlxalq tədbir Azərbaycan Respublikasının Milli Məclisinin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun təşəbbüsü və fəxri sədrliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Yıldız Texniki Universiteti, AETN İdarəetmə Sistemləri İnstitutu və Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Milli Məclisin adıçəkilən komitə sədri qlobal iqlim dəyişikliklərinin təzahürləri, dünya iqtisadiyyatı, ətraf mühit, eləcə də qlobal qida təhlükəsizliyinə, regional təhlükəsizlik sistemlərinə təsirlərindən söz açıb. Sadiq Qurbanov mövcüd problemin “yaşıl iqtisadiyyat”a keçidi aktuallaşdırdığını diqqətə çatdırıb.
Elm və təhsil naziri Emin Əmrullayev konfransın mövzusunun aktuallığını önə çəkərək, ölkədə texniki, texnoloji sahələr, xüsusilə mühəndislik ixtisasları üzrə mütəxəssis hazırlığına marağın getdikcə artdığını bildirib. Nazir elm və təhsil mərkəzlərində yaşıl iqtisadiyyat, ekoloji təmiz mühitlə bağlı tədqiqatların aparılmasının vacibliyini qeyd edib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, energetika nazirinin müavini Samir Vəliyev, BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiyalar üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli Məclisin deputatı Soltan Məmmədov, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini professor Lütfihak Alpkan, ASELSAN-ın Korporativ idarəetmə üzrə vitse-prezidenti professor Hakan Karataş, konfransın sədri, professor Cemal Zehir və digər natiqlər də çıxışlarında konfransdan əldə olunacaq nəticələrin iqtisadi artım, o cümlədən iqtisadi davamlılığın daha da möhkəmləndirilməsinə və ümumilikdə bu sahəyə töhfə verəcəyini vurğulayıblar.
Qeyd edək ki, oktyabrın 14-dək davam edən konfransda “yaşıl" iqtisadiyyat, “yaşıl” təhsil və “yaşıl” universitet, təbii ehtiyatların idarə edilməsi üzrə siyasət, davamlı inkişaf, iqtisadi, demoqrafik artımın ətraf mühitə təsiri, su resurslarından səmərəli istifadə, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və s. mövzular müzakirə olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi