Əziz müəllimlər!
Sizləri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, müqəddəs, şərəfli, eyni zamanda məsuliyyətli pedaqoji fəaliyyətinizdə uğurlar arzulayıram!
Cəmiyyətin mədəni inkişafına, mənəvi təkamülünə xidmət edən müəllim peşəsi həmişə müqəddəs və şərəfli peşələrdən biri hesab edilib, müəllimə hörmətlə yanaşılıb, onun əvəzolunmaz əməyi yüksək qiymətləndirilib. Məhz müəllim əməyinin nəticəsində yetişən savadlı, bilikli insanlar cəmiyyəti inkişaf etdirərək irəli aparırlar. Bu gün tutduğumuz mövqedən asılı olmayaraq, hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri var.
Müəllim əməyinə daim böyük dəyər verən ümummilli liderimiz Heydər Əliyev müəllim adının ən yüksək ad olduğunu vurğulayıb: “Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən, yer üzündə müəllimdən yüksək ad tanımıram”. Ulu Öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müəllim adını, müəllim peşəsini yüksək qiymətləndirərək müəllimləri cəmiyyətin elitası adlandırıb. Danılmaz faktdır ki, ölkə rəhbərliyinin təhsilimizə davamlı diqqət və qayğısı sayəsində bu gün müəllimin cəmiyyətdə nüfuzu daha da artır, onların rifah halının yaxşılaşması üçün müvafiq addımlar atılır.
Təhsilimizə olan dövlət qayğısı Bakı Mühəndislik Universitetindən də yan keçməyib. Son illər universitetimizdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, elmi fəaliyyətin gücləndirilməsinə, insan resurslarının inkişaf etdirilməsinə, müəllimlərin iş şəraitinin daha da yaxşılaşmasına xidmət edən tədbirlər öz müsbət nəticələrini verməkdədir. Bütün bunlara baxmayaraq imkanlarımızdan səmərəli şəkildə istifadə edərək birgə fəaliyyətimizi daha da gücləndirməliyik.
Əziz müəllimlər, Sizləri bir daha səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirəm!