Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurasının sədri Ətrabə Gül Gürcüstanda "Qadın emiqrant. Qadın Vətəndə" mövzusunda keçirilən beynəlxalq forumda iştirak edib.
“Gürcüstan Qadınlar Cəmiyyəti” nin təşkilatçılığı ilə baş tutan tədbirdə Ətrabə Gül məruzə ilə çıxış edib. O, məruzəsində ümumi miqrasiya, qadınların miqrasiyasına səbəb olan amillər, onların üzləşdiyi problemlər, iqtisadi miqrasiyanın qadınların həyat tərzinə təsiri, bu proseslərdə qadınların rolu və s. nüanslara toxunub.
Ətrabə Gül çıxışında ötən əsrin 80-ci illərində Ermənistanın deportasiya, soyqırım və işğalçılıq siyasəti və onun fəsadları, işğalçı dövlətin apardığı etnik təmizləmə və təcavüz siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalması və bu vəziyyətin yaratdığı ciddi problemlər barədə də konfrans iştirakçılarını məlumatlandırıb.
BMU təmsilçisi Prezident cənab İlham Əliyev tərəfindən miqrasiya proseslərinin tənzimlənməsi sahəsində mütəmadi olaraq əsaslı tədbirlərin həyata keçirildiyini, Azərbaycanda bu istiqamətdə mühüm layihələrin reallaşdırıldığını faktlarla diqqətə çatdırıb.
Konfransda mövzu ilə bağlı məruzələr dinlənilib, ətraflı müzakirələr aparılıb və ayrı-ayrı mövzular üzrə suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi