BMU-nun prorektoru Rusiyada beynəlxalq konfransda çıxış edib

26 Aprel 2022
BMU-nun prorektoru Rusiyada beynəlxalq konfransda çıxış edib

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov Qaqarin adına Saratov Dövlət Texniki Universitetinin Sosial və İstehsalat Menecmenti İnstitutununda “Dövlətin, cəmiyyətin, şəxsiyyətin idarə olunması və təhlükəsizliyi: çağırışlar, təhlükəsizlik problemləri, perspektivlər” mövzusunda təşkil olunan beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Konfransın keçirilməsində əsas məqsəd müasir idarəetmə proseslərinin transformasiyası, dövlətin, cəmiyyətin və fərdin təhlükəsizliyinin təmin edilməsi sahəsində toplanmış təcrübənin ümumiləşdirilməsi və təcrübə yönümlü yanaşmaların işlənib hazırlanmasıdır.

Plenar iclasda Sosial və Sənaye İdarəetmə İnstitutunun direktoru Nataliya Efremova və Avrasiya Milli Universitetinin professoru çıxış ediblər.

Tədbirdə sosial, humanitar və iqtisadi elmlər arasında fənlərarası qarşılıqlı əlaqə ənənələrinin davam etdirilməsinin vacibliyi və zəruriliyi vurğulanıb.

Sonra plenar iclas çərçivəsində təqdimatlar dinlənilib.

Mötəbər konfransın həm elmi heyətində yer alan, həm də plenar hissədə onlayn çıxış edən prorektor Elçin Süleymanov və UNEC-in professoru Fərhad Rəhmanov “Azərbaycanın investisiya potensialı” mövzusunda təqdimatla çıxış ediblər. Çıxışlarda işğaldan azad olunan regionlardakı investisiya potensialından, Qarabağın inkişafı və bərpası ilə əlaqəli görülən işlərdən bəhs olunub. Böyük maraqla qarşılanan təqdimat konfrans iştirakçıları tərəfindən müzakirə edilib.

Konfransda iştirak etmək üçün Rusiyanın 15 regionundan, xarici ölkələrdən 150-dən çox müraciət daxil olub. Rusiya və xarici universitetlərdən 300-dən çox alim, iş adamları, aspirantlar, magistrantlar, tələbələr öz məruzə və məqalələrini göndəriblər.

Konfransın bölmələrində Rusiya dövlətinin və cəmiyyətinin mahiyyəti, xüsusiyyətləri və inkişaf strategiyaları, Rusiyanın gələcəyinin iqtisadi, fəlsəfi və humanitar əsasları müzakirə edilib. Bundan əlavə, Rusiya cəmiyyətinin sosial kodları, müasir texnogen cəmiyyətin virtual ölçüləri şəraitində Rusiyanın inkişaf perspektivləri təhlil olunub.

Konfrans qarışıq formatda keçirilib, nəzəri və praktiki problemlər beş bölmə - “Dövlət və təsərrüfat obyektlərinin inteqrasiya olunmuş təhlükəsizliyi, Rusiyanın sivilizasiya gələcəyinin fəlsəfi və humanitar əsasları”, “Müvəqqəti bərabərsizlik parametrlərində şəhər mühiti və sosial siyasət anlayışları”, “Sosial-iqtisadi sistemlərin idarə edilməsi: problemlər və perspektivlər”, “Texniki və iqtisadi təhlükəsizlik sistemlərinin modelləri”, “Təhsilin keyfiyyətinin idarə edilməsi problemləri (təhlil, risklər, elmi yanaşmalar)” üzrə müzakirə edilib.

Ekspertlər konfransın nəticələrinə əsasən təqdim olunan məruzələrin geniş potensialını qeyd ediblər. 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər