BMU-nun prorektoru Oksford Universitetinin dəstəyilə keçirilən ekoloji tədbirdə iştirak edib

18 Noyabr 2024
BMU-nun prorektoru Oksford Universitetinin dəstəyilə keçirilən ekoloji tədbirdə iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül Oksford Universitetinin (Saïd Business School) dəstəyi və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə həyata keçirilən “İqlimin İdarəolunması Məktəbi” adlı tədbirdə iştirak edib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Milli Hidrometeorologiya Xidməti, BP, SOCAR və digər tanınmış şirkətlərin, o cümlədən bir sıra ali məktəblərin nümayəndələrinin iştirakı ilə baş tutan tədbir Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının mövzusuna uyğun olaraq ekoloji problemlərin həlli üçün innovativliyi təşviq etmək və iqlimin idarəolunmasında dayanıqlı yanaşmaları formalaşdırmaq məqsədi daşıyıb.

Tədbirdə “Yaşıl olmağın təşkilatlar üçün faydaları” və “İqlim idarəetməsinin biznes strategiyasına inteqrasiyası” mövzuları ətrafında geniş müzakirələrdə aktiv iştirak edən BMU-nun prorektoru iqlim dəyişikliyinin sağlamlıq üzərində təsirlərinə, onun idarəolunması sahəsində ortaya çıxan problemlərə və digər məqamlara toxunub.

Panel müzakirələrdə aparıcı sənaye müəssisələrinin müvafiq sahələrdəki təcrübələri dinlənilib, habelə tədbir çərçivəsində iqlim dəyişikliyinə əsaslanan fəaliyyət planının istiqamətləri üzrə vörkşoplar təşkil edilib.

İki gün davam edən idarəetmə məktəbində “Saïd Business School”, “Burjeel Holdinq” və “Earth Day Network” təşkilatlarının nümayəndələri tərəfindən iqlim dəyişikliyinin ekoloji, iqtisadi və sosial təsirləri ilə mübarizə mövzusunda təlimlər də keçirilib.

Təlimlərin sonunda iştirakçılara sertifikat təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər