Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov rayon təhsil idarələrinin dəvəti ilə müxtəlif şəhər və rayonlarda məktəblilərlə keçirilən görüşlərdə iştirak edərək, onlara ixtisas seçimi və gələcək karyeraları üçün müxtəlif təlimlər verməkdədir. Növbəti belə təlim Abşeron rayonunda təşkil olunub.
Abşeron Gənclər İdarəsi və “Startap Layihələrə Sosial İqtisadi Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” layihəsi çərçivəsində baş tutan tədbirlərdə rayon ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri və müəllimlər iştirak ediblər. E.Süleymanov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib, şagirdləri maraqlandıran sualları cavablandırıb və öz tövsiyələrini verib.
Prorektor orta təhsil müəsisələrində ali təhsilin əhəmiyyəti və ixtisas seçimində diqqət ediləcək nüanslarla bağlı məlumatlandırıcı proqramların şagirdlərin motivasiyası üçün faydalı olacağını bildirib. O, BMU-nun müvafiq sahə üzrə fəaliyyəti hər zaman dəstəklədiyini və orta məktəb şagirdlərinə istiqamətlənən bir çox proqram və təlimlər həyata keçirdiyini qeyd edib.
Tədbirlərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, “Startap Layihələrə Sosial-İqtisadi Dəstək” İctimai Birliyinin sədri Təranə Vəliyeva və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin peşə seçiminə kömək məqsədilə bu cür tədbirlərin davamlı təşkilinin vacibliyi xüsusi qeyd olunub. İxtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında ətraflı məlumatların verildiyi təlimlərin sonunda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi