Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü və dəstəyi ilə ali təhsil müəssisələrinin rəhbər şəxsləri ilə keçirilən görüşdə iştirak edib.
Görüşün təşkil olunmasında əsas məqsəd “SCOPUS”, “Web of Science” və digər beynəlxalq elmi dərgilərdə məqalələrin işıq üzü görməsi istiqamətində bilik və təcrübələrin artırılması olub.
40-dan çox ali təhsil müəssisəsinin prorektor, müvafiq struktur bölmə rəhbərinin, alimlər və gənc tədqiqatçıların qatıldığı tədbir 16 mart 2022-ci il tarixində Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar Yol Xəritəsi”nin icrası çərçivəsində baş tutub.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tədbirin əhəmiyyətini qeyd edib.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Yaşar Ömərov son dövrlər elmin inkişafı istiqamətində nazirlik tərəfindən görülən işlər haqqında danışıb, eyni zamanda ölkəmizin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsi üçün sözügedən Yol Xəritəsinin vacibliyini vurğulayıb.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiya” üzrə İşçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” alt qrupunun rəhbəri, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov "Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə 2022-ci il üzrə Yol Xəritəsi"nin icrası istiqamətində görülmüş işlər barədə məlumat verib.
Tədbir digər təqdimatlarla davam edib.
BMU-nun prorektoru Elçin Süleymanov “Elm və ali təhsil müəssisələrinin beynəlxalq elmmetrik bazalarda korporativ profillərinin, fərdi səhifələrinin yaradılması” mövzusunda təqdimatla çıxış edib.
Görüşdə çıxışlar ətrafında geniş müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi