Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaşı olduğu, Avropa Komissiyasının maliyyə dəstəyi ilə gerçəkləşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin ilk iclası keçirilib. Tədbir layihənin koordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə onlayn formatda baş tutub.
İclasda komitənin funksiyaları, qurumun idarə heyətinin sədrliyinə namizədliyə dair tələblər, həmçinin idarə heyəti üzvlərinin və sədrin seçilməsi qaydaları ətraflı müzakirə edilib. Layihə üzrə tərəfdaşların səsləndirdiyi rəylərə uyğun olaraq müvafiq qərarlar qəbul olunub.
Sonra idarə heyətinin sədri vəzifəsini tutmaq üçün 5 nəfərin namizədliyi irəli sürülüb.
BMU-nun Elmi işlər üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, dos. Elçin Süleymanov 60 % səs çoxluğu ilə idarə heyətinin sədri seçilib.
Daha sonra sədr müavini vəzifəsini tutmaq üçün səsververmə keçirilib. Lənkəran Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dos. Elvin Əliyev və Azərbaycan Texniki Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, texnika elmləri doktoru, professor, əməkdar müəllim Sübhan Namazov sədrin müavinləri seçiliblər.
Qeyd edək ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində 5 komitənin – Beynəmiləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə, Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.
İctimaiyyətlə əlaqələr şöbəsi