Bakı Mühəndislik Universitetinin (BMU) Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov və Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Belçikada yerləşən “EFMD Global” qurumuna təşkil olunan səfərdə iştirak edirlər.
12-17 dekabr tarixlərini əhatə edən tədbirin məqsədi ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsidir. Qeyd olunan müddətdə “EFMD Global” və digər Avropa partnyorları tərəfindən keyfiyyət təminatı və beynəlmiləlləşmə, tədqiqatların və tədrisin beynəlmiləlləşdirilməsi, həmçinin beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi, beynəlxalq layihələr, Alman Akademik Mübadilə Xidməti kimi olduqca mühüm mövzularda seminarlar və təqdimatlar keçiriləcək.
Səfər çərçivəsində nümayəndə heyətinin Avropa Komissiyasının Avropa Təhsil və Mədəniyyət üzrə İcra Agentliyində işgüzar görüşü keçirilib. Tədbirdə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus layihələri barədə geniş məlumatlar verilib.
Səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50 nəfərə yaxın nümayəndə heyəti (rektorlar, prorektorlar və digər məsul şəxslər), o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universiteti, İspaniyanın Alicante Universiteti, İspan Rektorlar konfransı, Avropa Beynəlxalq Təhsil Assosiasiyası, Avropa İttifaqının Tədqiqatlar və İnnovasiyalar üzrə Baş Müdirliyi, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.
İctimaiyyətlə əlaqələr şöbəsi