Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib.
Müvafiq vəsatət Azərbaycan astronomu, BAİ-nin üzvü, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü, Bakı Mühəndislik Universitetinin professoru Əyyub Quliyev tərəfindən qaldırılıb.
Nəsimi planetinin kataloq nömrəsi 32939, hərəkət zonası isə Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağıdır. Bu planet 1995-ci ilin oktyabrın 24-də Çexiya astronomları tərəfindən Klet rəsədxanasında aşkar edilib və uzun müddət 1995 UN2 şərti ad daşıyıb. İndiyədək o, dünyanın müxtəlif rəsədxanalarında 807 dəfə müşahidə olunub.
Qeyd edək ki, professor Əyyub Quliyev 165 elmi əsərin və eləcə də “Kometlərin tədqiqi: Çoxsaylı qanunauyğunluqlar bir sıra hipotez və nəzəriyyələr” kimi elmi nailiyyətlərin müəllifidir.