BMU-nun professor-müəllim heyəti üçün İNHA Universitetində təşkil olunan təlimlər davam edir

21 İyul 2022
BMU-nun professor-müəllim heyəti üçün İNHA Universitetində təşkil olunan təlimlər davam edir

Bakı Mühəndislik Universitetinin (BMU) professor-müəllim heyəti üçün Cənubi Koreyanın İNHA Universitetində təşkil olunan təlimlərin ilk həftəsi başa çatıb.  BMU ilə İNHA arasında icra olunan ikili diplom proqramı çərçivəsində baş tutan təlimlərdə universitetin "İnformasiya texnologiyaları" ixtisasının 7 nəfərdən ibarət professor-müəllim heyəti (Etibar Seyidzadə, Asif Qanbayev, Əhməd Əhmədzadə, Əli Həsənov, Gülbiçə Zahidova, Xəyalə İbrahimova, Rasim Mahmudov) iştirak edir.

Təlimlərin ilk həftəsində “Sistem proqramlaşdırılması” mövzusu üzrə mühazirələr dinlənilib, sözügedən istiqamətin tətbiq və əhatə dairəsi haqda geniş məlumatlar verilib. “Əməliyyat sistemləri”, həmçinin “Kəsilmələr” mövzuları ilə işini davam etdirən nəzəri və praktiki təlimlərdə kompüter resurslarının idarə olunması, tətbiqi proqramların işə salınması, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsi, informasiya emalının idarə olunması və s. istiqamətlərdə əməliyyat sistemlərinin rolu haqda geniş informasiyaların verilməsi və bunların praktiki tətbiqi nəzərdə tutulur.

Ümumilikdə 6 həftə davam edəcək təlimlər avqustun 19-da yekunlaşacaq.

BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının əsas komponentlərindən biri kimi gerçəkləşdirilən təlimlər qarşılıqlı təcrübə mübadiləsini reallaşdırmaq, professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, eyni zamanda onların bilik və bacarıqlarının daha da inkişafına nail olmaq məqsədi daşıyır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər