Bakı Mühəndislik Universitetində (BMU) payız semestrinin imtahan sessiyasında Pedaqoji fakültə üzrə yüksək nəticələr əldə edərək qrup birincisi olmuş tələbələrin mükafatlandırılması mərasimi keçirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin elm və təhsilə göstərdiyi diqqət və qayğıdan, son illər təhsil sahəsində həyata keçirilən uğurlu islahatlardan, tətbiq olunan yeni dövlət proqramlarından danışıb. Müəllim sənətinin müqəddəs peşə olduğunu deyən rektor ulu öndər Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikrini vurğulayıb.
Rektor BMU-nun Pedaqoji fakültəsində tədrisin ingilis dilində və yüksək səviyyədə təşkil olunduğunu bildirib. Fakültənin nailiyyətlərini önə çəkən Havar Məmmədov bunun əsasında həm də savadın, biliyin durduğunu və burada yüksəkixtisaslı kadrların yetişdirildiyini qeyd edib.
Maddi-texniki bazanın möhkəmlənməsi istiqamətində həyata keçirilən işlərdən söz açan rektor tələbələrin tədris alması üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb. BMU-da tələbə həyatının fərqli olduğunu söyləyən rektor universitetdə mövcud olan tələbə təşkilatları, o cümlədən Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyətinə toxunub.
Rektor çıxışının sonunda tələbələri həm yüksək nəticələr qazanmaları, həm də qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və onlara ən xoş arzularını çatdırıb.
Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev tədbirin təşkilində göstərilən dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü ifadə edib. O, tələbələrin yüksək ballarla BMU-nun Biologiya müəllimliyi, Fizika müəllimliyi, Kimya müəllimliyi, Riyaziyyat müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi ixtisaslarına qəbul olduğunu bildirib. Dekan rektorun əmrinə əsasən fakültədə mövcud olan 20 qrup üzrə birincilərin mükafalandırıldığını deyib.
Sonra payız semestrinin imtahan sessiyasında fakültə üzrə yüksək nəticələr əldə edən qrup birinciləri mükafatlandırılıb, onlara “Fəxri fərman”lar və müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Fizika müəllimliyi ixtisasının III kurs tələbəsi Arzu Alxanova Pedaqoji fakültə üzrə ən yüksək göstərici (semestr üzrə orta müvəffəqiyyət göstəricisi 100 bal, illik ortalama 99,3 bal) əldə edib.
İctimaiyyətlə əlaqələr şöbəsi