Bakı Mühəndislik Universitetinin (BMU) müəllim və tələbə heyəti Xalq Təhsil Muzeyində ekskursiyada olub. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) üzvləri, Pedaqoji fakültənin qrup nümayəndələrinin iştirak etdiyi ekskursiya BMU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunub.
Ziyarətçilərə muzeyin tarixi, eksponatları haqda ətraflı məlumat verilib. Qeyd edilib ki, 1930-cu ildə təşkil edilmiş pedaqoji sərginin və Pedaqoji muzeyin bazasında yaradılan muzeyin fəaliyyətinin əsas məqsədi Azərbaycanda pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini yaşatmaq, bu sahədə elmi-axtarış işi aparmaq, bütövlükdə fasiləsiz təhsil sisteminin bütün pillələrində qazanılmış uğurların, təhsilin yetirdiyi ən görkəmli şəxsiyyətlərin fəaliyyətini təbliğ etməkdir.
Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji ardıcıllığa riayət edən ekspozisiyası altı salonda yerləşdirilib. Muzeyin I salonunda XVIII əsrə aid İslam dininin müqəddəs kitabı "Qurani-Kərim" saxlanılmaqdadır. II salon XIX əsrin sonu, XX əsrin əvvəllərində təhsil, III salon 1918-40-cı illərdə təhsil, IV salon ali və orta ixtisas təhsilinin inkişafı, V salon 1941-45, 1946-80-ci illərdə uşaq evləri, internat-məktəblərin yaranması və inkişafı, ümumtəhsil, texniki peşə məktəblərinin fəaliyyətinə dair sənəd və materialları əhatə edir.
Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafına həsr olunan VI salon üç bölmədən ibarətdir və dövlətin təhsilə göstərdiyi diqqət, qayğı VI salonun ekspozisiyasının əsas istiqamətidir. Salonda xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı naminə fəaliyyətini əks etdirən "Heydər Əliyev və təhsil", Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil sahəsində genişmiqyaslı fəaliyyətini və Heydər Əliyev Fondunun təhsilə göstərdiyi qayğını təcəssüm etdirən materiallar nümayiş etdirilir.
Ekskursiya zamanı muzey əməkdaşları müəllim və tələbələri maraqlandıran sualları ətraflı cavablandırıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi