Bakı Mühəndislik Universitetinin (BMU) professor-müəllim heyəti və tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı təşkil olunan ziyarət zamanı öncə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ziyarətçilərə kompleksin 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldıldığı, həmçinin burada milli-mənəvi dəyərlərimizi, tarixi abidələrimizi, soykökümüzü anmaq məqsədilə eksponatların, unikal tarixi arxiv sənədlərin yer alması barədə məlumat verilib.
Qeyd olunub ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib və aparılan ilkin tədqiqat işlərinə əsasən məzarlığın 1918-ci ilin may ayında bolşevik-erməni silahlı dəstələri tərəfindən Qubanın əhalisinə qarşı törədilən soyqırımı olduğu müəyyənləşib. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında-Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhaliyə qarşı törədilən soyqırımı tarixi öz əksini tapıb.
Ekspozisiyada arxiv sənədləri ilə tanışlıq zamanı iştirakçıların nəzərinə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda bu dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Ölkə Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə baş verən həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına qərar verilib. 2013-cü il sentyabrın 18-də isə dövlət başçımızın iştirakı ilə Kompleksin açılışı olub.
Qeyd edək ki, Azərbaycan, rus və ingilis dillərində təqdim olunan muzey ekspozisiyası 19 bölmədən ibarətdir. 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayan ekspozisiyada azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələri, həmçinin müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər, tarixi faktlar da nümayiş etdirilir.
İctimaiyyətlə əlaqələr şöbəsi