Bakı Mühəndislik Universitetində (BMU) fəal tələbələrlə görüş təşkil olunub.
Tədbirdə ilk olaraq Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdindəki klubların cari il ərzində fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə tədbirdə çıxış edərək, THİK-in tələbə həyatı və universitetin ictimai fəallığı sahəsindəki rolundan danışıb. Çıxışda komitə fəallarının müxtəlif məsələlərdə təşəbbüskarlığı yüksək qiymətləndirilib, eyni zamanda tələbələrin sosial qayğılarına universitet tərəfindən hər zaman diqqətlə yanaşıldığını qeyd olunub. Tələbələrə bir sıra tövsiyələrini çatdıran Bayram Hüseynzadə, imtahan sessiyasında onlara bol uğurlar arzulayıb.
Sonra çıxış edən THİK-in sədri Əli Hüseynov komitənin il ərzində həyata keçirdiyi layihələr, tələbələrin sosial aktivliyini artırmaq məqsədilə yaradılan müxtəlif klublar və onların təşkil etdiyi seminar, təlim, yarışmalar haqqında ətraflı məlumat verib, eləcə də gələcək planlardan danışıb.
Görüşün sonunda “English Zone” klubunun, eləcə də “Career Fest BEU 2025” tədbirində fəal iştirak edən THİK üzvləri könüllülük fəaliyyətlərinə görə təltif olunub. Eyni zamanda, “İntellektual Oyunlar Klubu”nun təşkil etdiyi “REQUIZIEM” adlı bilik yarışmasının qalibləri mükafatlandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi