BMU-nun əməkdaşı Astanada keçirilən regional konfransda iştirak edib

27 Mart 2023
BMU-nun əməkdaşı Astanada keçirilən regional konfransda iştirak edib

Qazaxıstanın Astana şəhərində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tərəfdaşlıq etdiyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının (APT)  birgə təşkilatçılığı ilə  “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Regional Görüş”ü keçirilib.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin direktor müavini Faiq Əlizadə və Agentliyin təşəbbüsü, həmçinin dəstəyi ilə Bakı Mühəndislik Universitetinin (BMU) Sənaye mühəndisliyi kafedrasının dosenti, universitetin Texnoparkında fəaliyyət göstərən “Yeni fikir” layihəsinin rəhbəri İsa Qasımov iştirak edib.

Azərbaycanla yanaşı, APT-yə üzv ölkələrin nümayəndə heyətlərinin də qatıldığı tədbirdə innovasiya ekosisteminin, o cümlədən universitetlər, elmi tədqiqat institutları, texnoparklar və biznes inkubasiya (akselerasiya) mərkəzlərinin inkişafında intellektual kapitalın aktuallığı və rolu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

Toplantıda “Qanunun yaradılması ilə bağlı problemlər və imkanlar: texnoparklarda əqli mülkiyyət idarəçiliyinin əsasları”, “İnstitusional əqli mülkiyyət siyasətinin məzmunu: inkişaf üçün 10 qayda”, “Əqli mülkiyyət hüquq sahiblərinin tərifi – Belarus Respublikasında mövcud imkanlar”, “EAPO Üzv Dövlətlərində Texnologiya Parklarında əqli mülkiyyət siyasətləri üzrə təcrübə” və s. istiqamətlər üzrə sessiyalar baş tutub.

Qeyd edək ki, Avrasiya Patent Təşkilatı tərəfindən həyata keçirilən intellektual fəaliyyətin nəticələrinin kommersiyalaşdırılması sahəsində texnoparkların səlahiyyətlərinin artırılmasına dair regional maarifləndirici görüşlərin davam etdirilməsi nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər