BMU-nun elektron sistemi ilə bağlı təlim keçirilib

05 Fevral 2025
BMU-nun elektron sistemi ilə bağlı təlim keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Strategiya və keyfiyyət təminatı şöbəsi tərəfindən Elektron Məlumat Sisteminin funksionallığının izahı və həyata keçirilən bir sıra mühüm yeniliklərlə bağlı təlim təşkil olunub.

Əvvəlcə tədris işləri üzrə prorektor Həmzağa Orucov çıxış edərək  tədris prosesinin daha da təkmilləşdirilməsi, tələbə məmnuniyyətinin artırılması baxımından diqqət yetirilməsi önəm daşıyan məqamlara toxunub.  Bildirib ki, BMU-nun Elektron Məlumat Sistemində tədrisə, imtahanlara dair bütün məlumatların dəqiq və tam olaraq göstərilməsi, başqa sözlə, qiymətləndirmə, tələbələrin imtahan nəticələri, o cümlədən digər hallara dair sualların qalmaması tədrisin keyfiyyətli təşkili, bütövlükdə idarəetmənin səmərəli qurulması üçün olduqca vacibdir. Prorektor ortaya çıxan hər hansı problemin aradan qaldırılması cəhətindən təlimi əhəmiyyətli adlandırıb və belə tədbirlərin əməkdaşların daima təkmilləşdirilən elektron sistemlə işləmək bacarıqlarını daha da artıracağına inamını ifadə edib.   

Sonra Strategiya və keyfiyyət təminatı şöbəsinin müdiri Sevil  İmanova, Tədris şöbəsinin müdiri Ramil Hacıyev, Proqram təminatı bölməsinin elektron sistem inzibatçısı Rauf Süleymanlı çıxış edərək Elektron Məlumat Sisteminin funksiyaları haqqında məlumat veriblər.    

Çıxışlarda elektron sistemdəki yeniliklər, habelə sistem üzərindən normativ hüquqi sənədlər, universitetdaxili sənədlər və qanunvericilik bölümlərində zəruri informasiyalarla tanışlıq imkanları diqqətə çatdırılıb. Eyni zamanda universitetin strukturlarının bu sistem vasitəsilə fəaliyyətinin necə tənzimləndiyinə aydınlıq gətirilib, tədrisin təşkili, dərs qeydiyyatı, təkrar imtahan, alt kursda dərs almaq,  kəsirlər, yay məktəbi, yekun məzun olmaq üçün şərtlərə dair bütün məlumatların yerləşdirilməsi və onları daha asan formada əldə etmək üsulları izah olunub.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər