Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyənin Səlcuq Universiteti və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə Xəzər Universitetində “Türk Dünyasının Memarlıq İrsi” adlı beynəlxalq konfrans keçirilib.
Azərbaycan, Türkiyə, Vyetnam, Pakistan, Rumıniya, İndoneziya, Banqladeş, Ukrayna, Gürcüstan və Slovakiyadan olan alimlərin iştirakı ilə baş tutan konfransda Türk memarlığının estetik və fəlsəfi yanaşmaları, memarlıqda istifadə olunan simvollar, monumental tikililərin qorunması, bərpası və s. mövzular müzakirə edilib.
Tədbirin açılışında BMU-nun Memarlıq və şəhərsalma kafedrasının müdiri professor Sabir Orucov Türk dünyasının memarlıq irsinin araşdırılmasında müasir texnologiyaların tətbiqi, bərpa metodları, eləcə də mədəni irsin qorunmasında fənlərarası yanaşmalar mövzusunda məruzə ilə çıxış edib. Çıxışda Türk dünyasının ortaq memarlıq irsinin qorunması və tanıdılması sahəsində BMU ilə Səlcuq Universiteti arasında elmi, həmçinin praktiki əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Konfrans çərçivəsində panel sessiyalarda BMU-nun Memarlıq və inşaat fakültəsinin Memarlıq və şəhərsalma, Dizayn kafedralarının müəllim, tələbə heyəti öz elmi əsərlərini təqdim ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi